Liderlər arasında telefon danışığı dekabrın 10-da, əslində Suriyanın paytaxtı Dəməşqdə artıq hakimiyyətin bərqərar edilməsi zamanı baş tutub. Həmin telefon danışığı zamanı İlham Əliyev Ərdoğana bildirib ki, Azərbaycan Suriyada Türkiyənin yanında olacaq.
Həmin telefon danışığından sonra onlar arasında ötən iki həftə ərzində həm xarici işlər nazirləri, həm də prezidentlərin xarici əlaqələr və təhlükəsizlik üzrə müşavirləri arasında Türkiyə-Azərbaycan çoxsəviyyəli intensiv təmasları olub, yüksək rütbəli hərbi nümayəndə heyətləri səviyyəsində də bir sıra qarşılıqlı səfərlər baş tutub.
Həmin intensiv təmaslardan sonra Azərbaycan və Türkiyə prezidentlərinin yenidən telefon danışığı baş turur və belə bir təəssürat yaranır ki, liderlər dekabrın 10-dakı telefon danışığı ilə bu intensiv çoxsəviyyəli təmasların başlanğıcını qoyublar, keçirilən telefon danışığı ilə isə bunların cəmini verirlər. Ərdoğanın İlham Əliyevlə təyyarə qəzası ilə bağlı telefon danışığı aparması da nəzərdən keçirilsə, bu təmasların miqyası böyüyür.
Rəsmi açıqlamalar səviyyəsində həm ikitərəfli müttəfiqlik məsələləri, həm də regional mövzuların müzakirə edildiyi qeyd edilib. Məsələn, dekabrın 23-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Respublikasının Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Müdafiə Nazirliyində keçirilən görüşdə general-polkovnik Z.Həsənov türkiyəli qonaqları salamlayıb və onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycan və Türkiyənin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu qeyd edən nazir ölkələrimiz arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əməkdaşlığın yüksək səviyyədə olduğunu bildirib. Qardaş ölkələrin dövlət başçılarının dostluq münasibətləri nəticəsində imzalanan Şuşa Bəyannaməsinin icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyi qeyd olunub.
Bu sadəcə bir nümunədir. Həmçinin bir neçə gün əvvəl Azərbaycan Respublikasının müdafiə naziri general - polkovnik Zakir Həsənov Azərbaycanda səfərdə olan Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Ziya Cemal Kadıoğlunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Müdafiə naziri Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti ilə bağlı Türkiyə nümayəndə heyətini məlumatlandırıb.
Bir sözlə, intensiv Türkiyə-Azərbaycan təmasları müttəfiqlik münasibətlərinin daha da böyüdülməsindən xəbər verir. Son həftələrdə sülh danışıqlarında Ermənistanın təxribatçı mövqeyi və Fransanın müdaxiləsini nəzərəçarpacaq dərəcədə genişləndirdiyini nəzərə alsaq, eskalasiya ehtimalının qarşısının alındığını qeyd etmək yerinə düşər. Bu, təbii ki, bu risklərin qarşısının alınması istiqamətində kifayət qədər ciddi və intensiv siyasi iş ortaya qoyulur.
Aqil Məmmədov
Ordu.az